Bu gün Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bu reallığı bir daha təsdiqlədi.
Səfər zamanı Şuşada tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublıikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilən Şuşa Bəyannaməsi tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu belə olacaq.
Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələrinə gəlincə, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.
Həmçinin, müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaq. Bildiyimiz kimi, 44 günlük müharibədə pilotsuz uçuş aparatları böyük rol oynamışdır. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Diplomatik münasibətlərin yeni səviyyəsinə gəlincə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Rahab Əhmədov,
YAP Salyan rayon təşkilatının 1 saylı ərazi partiya təşkilatının sədri