Könülləri, qəlbləri ovsunlayan çoxşaxəli, zəngin yaradıcılığı ilə sirli, sehrli, möcüzəli söz, sənət dünyasında parlaq, özünəməxsus imzası olan "İstiqlal" ordenli Xalq şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində dünyaya göz açıb. 1949-cu ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinin jurnalistika şöbəsini bitirən Xəlil Rza sonralar Moskvada M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb. Mövzu dairəsi geniş, əhatəli olan qüdrətli söz ustasının Vətənə, torpağa, azadlığa həsr etdiyi şeirlər onun yaradıcılığından qırmızı xətt kimi keçir:
Nanə yarpağı kimi əsim-əsim əsərsən,
Xəzər, ya Kür nəfəsli bir udum hava üçün.
Necə qəribsəməyəsən Muğan üçün, Mil üçün,
Göy-gölün yaxasında bircə qızılgül üçün.
Böyük şairin vətənpərvər, döyüşkən, mübariz ruhlu poeziyası ilə yanaşı, ürəklərə məlhəm olan, qəlbləri riqqətə gətirən, oxucuya bədii-estetik zövq aşılayan lirik şeirləri də milyonların dərin rəğbətini qazanmışdır:
Sən ömrümə bir rayihə, xoş meh kimi gəldin,
Gəldin də...şirin bir yuxu, röya kimi getdin.
Mən yatmış idim...birdən ayıldım da bayıldım,
Sən çıxdın əlimdən...dolu dünya kimi getdin.
Azərbaycanda milli-azadlıq hərəkatının öncüllərindən biri olan Xəlil Rza Ulutürk 26 yanvar 1990-cı il tarixdən 9 oktyabr 1990-cı ilə qədər, yəni 8 ay 13 gün dünyanın ən müdhiş zindanlarından biri olan Lefortovo zindanının soyuq divarları arasında məhbus həyatı keçirməyə məcbur edilmişdir. Fəqət, şair ruhdan düşməmiş, qələminin kəsəri zərrə qədər də azalmamış, zindanda 2000 səhifədən artıq poeziya nümunəsi yaratmışdır.
Qüdrətli söz ustası onun görüşünə gələn ömür-gün yoldaşı Firəngiz xanıma da sınmamağı, mübariz, iradəli olmağı tövsiyə edir:
Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,
Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.
Sənin səadətinə həyatımı vermişəm,
Bəs nədir bu hıçqırıq, göz yaşın almaz-almaz,
Canavarlar önündə, gülüm, ağlamaq olmaz.
Xəlil Rza Ulutürk özünün elmi əsərləri, monoqrafiyaları ilə Azərbaycan ədəbiyyatşünaslığının inkişafına layiqli töhfələr vermişdir. Böyük şair tərcümə sahəsində də qələmini uğurla sınamışdır. Onun bu il anadan olmasının 880 illiyi ölkəmizdə silsilə tədbirlərlə keçirilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından etdiyi tərcümələr ədəbi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir. Bu məqamda Xəlil Rza Ulutürkün necə böyük istedad sahibi olduğunu təsdiq edən bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Azərbaycan Dövlət Universitetində dərs deyən Xalq şairi Bəxtiyar Vahabzadə əlində "Ədəbiyyat və incəsənət" qəzeti auditoriyaya daxil olur, sevinə-sevinə, yüksək səslə oxumağa başlayır:
-On dördüncü əsr yıxılır, durur,
Tutur Nəsiminin ətəklərindən...
Və sonra izahat verir ki, bu misranın bir əsər qədər gücü, siqləti var. Bunu da alovlu şair Xəlil Rza Ulutürk deyib. Deyib ki, təkcə Nəsiminin yaradıcılığı yetər ki, on dördüncü əsr yetim qalmasın. Əlbəttə, Bəxtiyar Vahabzadəni hər yazı ilə təəccübləndirmək olmazdı. Ancaq özü etiraf etmişdi ki, Xəlil Rzanın bu şeirini oxuyandan sonra sözün heyrət doğuran həddi ilə barışdım. Və əllərimi dizimə çırpdım. İlahi, belə də demək olar. Nə yaxşı ki, ulu Nəsiminin belə dəyərli, varisləri, davamçıları vardır.
Dövlətimiz tərəfindən Xəlil Rza irsinə həmişə böyük hörmətlə və ehtiramla yanaşılmışdır. O, 1986-cı ildə Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə Xalq şairi adına layiq görülmüşdür. Poeziyasının gücü-qüdrəti ilə qəlblərə nur saçan böyük sənətkar dünyasını dəyişəndən sonra I Fəxri xiyabanda dəfn olunmuş, anadan olduğu Salyanın ən yaraşıqlı, geniş küçələrindən biri Xalq şairinin adını daşımaqla yanaşı, Xəlil Rza və Təbriz Xəlilbəyli küçələrinin qovuşduğu yerdə böyük sənətkarla onun oğlu -Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin birgə abidəsi-"Ata-oğul" abidəsi" ucaldılmışdır.
Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq Xəlil Rza Ulutürkün özündən sonra qoyduğu zəngin yaradıcılıq irsi həmişə öyrəniləcək, tədqiq olunacaq, qəlbləri, ürəkləri fəth edəcəkdir.
Əzizağa Məmmədli.