Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Milli Mətbuat Günü münasibətilə rayon “Qələbə” qəzetinin kollektivini qəbul etmişdir. İcra başçısı əlamətdar gün münasibətilə kollektivi təbrik etmiş, qəzetin hər bir əməkdaşına öz məsuliyyətli, cəmiyyət üçün gərəkli və faydalı işlərində uğurlar arzulamışdır Respublikanın bölgə qəzetləri arasında öz yeri, öz mövqeyi olan “Qələbə”nin rayonun sosial-iqtisadi, ictimai-siyasi, tarixi-mədəni salnaməsinin yaradılmasında xüsusi önəm kəsb etdiyini vurğulamış, qəzet kollektivinin bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə etmişdir.
“Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov maarifçi, görkəmli ictimai xadim, dəyərli ziyalı Həsən bəy Zərdabinin böyük zəhmətlə araya-ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi olduğunu vurğulamış, Zərdabi davamçıları Əlimərdan bəy Topçubaşovun, Firudin bəy Köçərlinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Nəcəf bəy Vəzirovun, Üzeyir və Ceyhun bəy Hacıbəylinin milli mətbuatımızın inkişafındakı misilsiz xidmətlərindən söz açmışdır. Vurğulamışdır ki, istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə qəzetin səhifələrində şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin keçdikləri döyüş yolu ətraflı və dolğun şəkildə işıqlandırılmışdır. Natiq qəzetin üzləşdiyi hər hansı bir problemin həllində göstərdiyi hərtərəfli diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Qəzetin əməkdaşı Leyla Nəsirli qəzetin maarifləndirici, əhalinin müxtəlif xəbər və informasiyalarla təmin olunması və ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirdiyini və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulamışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov səmərəli fəaliyyətlərinə, rayonun ictimai həyatındakı rollarına görə qəzetin əməkdaşları Leyla Nəsirliyə və Əzizağa Məmmədliyə rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etmişdir