Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan da dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır.
2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edəndən bəri dünyada bu virusa yoluxanların sayı 200 milyona yaxınlaşmaqdadır. Çin, İtaliya, ABŞ, İngiltərə, Braziliya kimi iqtisadiyyatı və səhiyyəsi güclü olan ölkələr bu virusun mərkəzinə çevrilib. Dünyada COVID-19-dan ölənlərin sayı son məlumata görə, 4 milyon 137 min nəfərə, sağalanların sayı isə 158 milyon 740 min nəfərə çatıb.
Ölkəmizdə isə indiyədək ümumilikdə, 342548 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332574 nəfər müalicə olunub sağalıb, 5019 nəfər vəfat edib, hazırda 4955 nəfər aktiv xəstə var.
Verilən qərarlar, görülən tədbirlər sayəsində yoluxma və ölüm sayına görə respublikamız əksər Avropa ölkələrindən və ümumilikdə dünyadan geri qalır. Bununla belə, arxayınlaşmaq olmaz. Virus hələ bitməyib. Dünyanı bürüyən növbəti dalğa ölkəmizə də gəlib çıxıb.
Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici ölkədə kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və pandemiya bəlasından xilas olacağıq. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Yenə də əhalidən yalnız qoyulan qaydalara riayət etməklə, virusun hələ ölmədiyini nəzərə almaqla peyvənd olunmaq rica edilir ki, bu da insanların sağlamlığına hesablanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən COVID-19 pasportu olmadan idarə, müəssisə, ictimai nəqliyyat, şadlıq və əyləncə mərkəzlərinə getmək, bir sözlə həyata davam etmək mümkün olmayacaq. Bu da yalnız insanların sağlamlığına və tezliklə normal həyata qayıtmalarına xidmət edən qərardır.
Hazırda ölkəmizdə 4 milyon yarım doza peyvənd vurulub və bu peyvəndlər tam təhlükəsizdir. Azərbaycanda vaksinasiyaya başlandığı gündən vəfat edənlərin 99 faizi peyvənd olunmamış insanlardı. Bunun özü də peyvəndə getmək üçün əsaslı səbəbdir, yəni peyvənd olunaraq virusdan, dolayısı ilə ölümdən xilas olmağın mümkünlüyünə inam yaradır.
Normal həyata qayıtmaq, adət- ənənələrimizi rahat şəraitdə həyata keçirmək, həyatımızın normal vəziyyətə qayıtmasını hamılıqla arzu edirik. Lakin yadda saxlamaq lazımdır ki, viruslardan qorunmaq artıq hər zaman bizim həyat tərziniz olmalıdır. Tələb olunan qaydalara əməl etməklə gigyenik qaydaların yerinə yetirilməsi mütləqdir. Bütün bunlardan ən önəmlisi, pandemiyadan yeganə çıxış yolu yalnız vaksinasiyadır. Bu artıq pandemiya dinamikasının diktə etdiyi reallıqdır. Dövlətimiz isə bu yolda önəmli işlər görür. Bizlər isə heç bir tərəddüd etmədən, peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik. Peyvənd olunmaqla həm özümüzü, həm də ölkəmizi pandemiyadan xilas etmiş olarıq.
Xanış Abbasov,
Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri