Salyanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam edir
Son zamanlar ölkə əhalisi arasında COVID-19 infeksiyasına yoluxanların ümumi sayı, xəstələrin sağalma dinamikası, peyvəndləmə kampaniyasının kütləviliyi, ümumilikdə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Bununla əlaqədar rayonda geniş dezinfeksiya tədbirləri həyata keçirilir. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar işçiləri tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə şəhərin küçə və prospektləri xüsusi texnikaların köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb. Şəhər ərazisində sanitar-epidemioloji vəziyyət Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, mütəmadi təxirəsalınmaz profilaktik tədbirlər görülür. İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, idarə və müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri görülür. Onu da qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış monitorinq qrupları əhalinin sıx toplaşdığı məkanlarda insanlarla maarifləndirici söhbətləri gündəlik olaraq davam etdirirlər. Şəhər sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etmək və ara məsafəsi saxlamağın vacibliyi bir daha qeyd olunur.