Anakur.az bildirir ki, Publika.az ötən ilin ən yadda qalan hadisələrini xronoloji ardıcıllıqla təqdim edir:
1 yanvar – Azərbaycan Prezidenti xalqa müraciət edərək azərbaycanlıları 2020-ci ilin 10 noyabrında qazanılan qələbə münasibəti ilə təbrik etdi. Elə həmin çıxışda ölkə başçısı Ermənistandakı revanşistlərə səslənərək məşhur ifadəni işlətdi: “Dəmir yumruq yerindədir!” Prezident müraciətdə onu da vurğuladı ki, iqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir.
11 yanvar – Rusiya paytaxtında prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 4 saat davam edən görüş baş tutdu. Bu, müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin ilk görüşü kimi tarixə düşdü. Görüşlərdən sonra Moskva bəyannaməsi imzalandı. Bəyannamə 10 noyabr üçtərəfli bəyanatının yerinə yetirilməsi məsələsini daha da möhkəmləndirdi. Mövcud problemlərin həlli üçün İşçi qrupun yaradılması qərara alındı.
21 yanvar - Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. Sonda Azərbaycanla Türkmənistan arasında mühüm tarixi sənəd imzalandı.
23 yanvar - Türkiyəyə məxsus "M/V Mozart" yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qaldı. Quldurlar gəmidəki yeganə Azərbaycan vətəndaşı olan Fərman İsmayılovu öldürüb, 15 Türkiyə vətəndaşını isə əsir götürmüşdülər.
25 yanvar - Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olundu. Həmin gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa edildi.
27 yanvar – Prezidentin sərəncamı ilə Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olundu.
30 yanvar - Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başladı. Mərkəzin Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başla Qarabağda atəşkəsin pozulması hallarını izləmək üçün qurulduğu vurğulandı.
1 fevral – Ölkə başçısı İlham Əliyev Şuşada villa tikmək, mərkəz açmaq təşəbbüsləri ilə çıxış edən yüksək rütbəli məmurlara xəbərdarlıq etdi: “Şuşanı məmurlar paytaxtı elan etməmişəm”.
1 fevral - Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olundu. Fevralın 1-dən əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçirildi. Qalan günlər şagirdlər distant formada tədrisi davam etdirdilər. 23 aprel - Sabiq deputat, yazıçı Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışı əks olunan videosuna görə hakim Yeni Azərbaycan Partiyasındakı bütün vəzifələrindən azad edildi. Hüseynbala Mirələmovun “qadını sığallayan əli” sosial şəbəkələrdə də uzun müddət müzakirə edildi.
12 may - Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalının açılışı oldu. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə təşkil olunan festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutdu. Festival Azərbaycan milli musiqisinin məşhur ustalarının, eləcə də Azərbaycanda yaşayan millətlərin və etnik qrupların folklor qruplarının çıxışları ilə yadda qaldı.
4 iyun - Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında baş vermiş partlayış nəticəsində ikisi jurnalist, biri məmur olmaqla 3 nəfər şəhid oldu. Bu, Ermənistanın müharibədən sonra da mina terrorunun davam etməsinin əyani göstəricisi idi.
11 İyun - 11 İyul - UEFA Avro 2020 bir illik ertələmədən sonra baş tutdu. Ölkəmizin paytaxtı Avropa Çempionatının 4 oyununa (3 qrup, 1 dörddə-bir) ev sahibliyi etdi. Türkiyə millisi ev oyunlarını Bakıda - “Olimpiya” stadionunda keçirdi.
12 İyun - Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Sonradan qarşı tərəfin təqdim etdiyi xəritələrin cəmi 25 faizinin dəqiq olduğu ortaya çıxdı.
15 iyun - Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Şuşaya səfər etdi. Daha sonra Türkiyənin dövlət başçısı və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa bəyannəməsini" imzalayıblar. Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bundan başqa, Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib. İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir". Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir
4 İyul - Xəzər dənizində partlayış baş verdi. Əvvəlcə təxribat kimi qiymətləndirilsə də, sonradan yatmış vulkanın 76 il sonra püskürdüyü ortaya çıxdı və dənizdə yeni bir vulkanik adanın meydana gəldiyinin görüntüləri yayıldı.
23 - 28 İyul - Azərbaycan - Ermənistan sərhədində atışmalar qeydə alındı. Atəşkəs əsasən Kəlbəcər və Naxçıvan istiqamətində, dövlət sərhədində baş verdi. Erməni tərəfi xeyli itki verdiyini açıqladı.
23 İyul - 8 Avqust - 2020 Yay Olimpiya Oyunları (Tokio, Yaponiya). 21 ildən sonra Azərbaycan idmançıları ilk dəfə qızıl medal üzünə həsrət qaldılar. Əvəzində paralimpiyaçılarımız 14 qızıl medal qazanmaqla adlarını ilk 10-luğa yazdıra bildilər.
3 avqust – Milli Məclisin deputatı Eldəniz Səlimovun deputatlıq toxunulmazlığı ləğv edildi və həbs olundu. Ona polis əməkdaşını döydüyünə görə 3 aylıq həbs cəzası kəsildi.
30 avqust - Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Bu, işğaldan azad edildikdən sonra Şuşada təşkil olunan ilk poeziya günləri kimi tarixə düşdü.
26 oktyabr – Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.
16 noyabr - 16 noyabr hadisələri - 2021-ci 16 noyabr saat 11.00-18.00-a qədər Laçın–Kəlbəcər rayonu təmas xəttində baş vermiş Azərbaycan–Ermənistan arasında anti-terror əməliyyatı... Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçir. Rəsmi məlumatlara görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid olur. 10 hərbi qulluçumuz isə yaralanır. Düşmənin 6 əsgəri məhv edilir, 32 nəfər hərbçisi isə əsir götürülür.
26 noyabr – Həmin gün Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu görüş tarixə “Soçi görüşü” kimi düşdü.
30 noyabr – Həmin gün 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. 14 yüksək rütbəli hərbçi həlak oldu, 2 nəfər zabit isə yaralandı. Hadisənin texniki səbəblərdən baş verdiyi vurğulandı.
4 dekabr – Ermənistan işğal altındakı bütün ərazilərin mina xəritələrini Azərbaycan tərəfinə təqdim etdi. Azərbaycan isə 10 erməni hərbçisini Ermənistana geri qaytardı. Daha sonra həmin hərbçilərə İrəvanda cinayət işi açıldı.
15 dekabr – Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldə bir araya gəldi. Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüşdə Zəngəzur dəhlizindən keçən dəmir yolu ilə bağlı tərəflər razılığa gəldi. Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 44 günlük müharibədən sonra ilk təkbətək görüş də baş tutdu.
19 dekabr - Azərbaycan daha 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verdi.
Tural Turan