Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının inancına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmış. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmiş. Həmçinin adətə görə, qohum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Qədimdə Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparmaq adəti olub. İnanca görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər.