Mayın 2-də Dövlət Statistika Komitəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında əvəzsiz rolundan və misilsiz fəaliyyətindən danışıb.
Bildirilib ki, zəngin siyasi dövlətçilik fəaliyyəti ilə tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqımızı daimi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanıb.
Sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş olunub.