“Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edən zaman deyib.
Dövlət başçısı bildirib ki, regionda yeni, çox ümidverici şərait yaranıb:
“Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır”.