Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən fəaliyyətə başlayır.
Anakur.az Modern.az-a istinadən xəbər verir ki, Ağdamda monitorinq mərkəzinin açılışı baş tutub.
Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.
Nümayəndələr mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Birgə Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Qatırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Qeyd edək ki, Mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil daynacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.