Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib.
Dövlətimizin başçısı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəriman Həsənzadəyə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıb.
Anakur.az məlumat verir ki,Azərbaycan Prezidenti qeyd edib ki, N.Həsənzadə ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğu vaxtlardan öz dəst-xəttinizi formalaşdırıb və geniş oxucu auditoriyasının ehtiramını qazanıb. Onun şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyəti boyu yüksək sənətkarlıqla meydana gətirdiyi ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər şairi ədəbi prosesin ön mövqelərinə çıxarıb. Onun bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarına dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, teatrlarımızın repertuarında özünəməxsus yer tutub. Yaratdığı poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyi təqdirəlayiq fəaliyyət Nəriman Həsənzadənin kitablarındakı fikir və düşüncələri əməli surətdə gerçəkləşdirmək istəyininin bariz təzahürüdür.
Dövlətimizin başçısı inandığını bildirib ki, Xalq şairi vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərləri ilə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilib.