Anakur. az bildirir ki, ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb.
ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.
Həmçinin sənəddə vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul olunub. Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur.
Bəyannamədə deyilir ki, bütün bu faktları nəzərə alaraq, Skoki meri Corc Van Dusen 2021-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan edib.
ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M.Snayder də 2021-ci il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.
Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.
ABŞ-ın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində ən böyük uğuru kimi qiymətləndirilə bilər.