300-dən çox peşə ləğv olacaq… - Dördüncü Sənaye İnqilabına baxış
Bir yox, üç dəfə ali təhsil almağa məcbur qalacağıq
Qırçı, telefonçu, poçtalyon, liftçi, pinəçi, makinaçı, dəyirmançı və s. Bunlar 40-50 il öncə çox aktiv istifadə edilən və bu gün tarixə qovuşan sahələrdən bir neçəsidir. Onlardan əvvəl də ehtiyac duyulmadığı üçün sıradan çıxan sahələr olub, sonra da. Bu gün isə proses daha sürətli gedir. Çünki artıq Dördüncü Sənaye İnqilabı gerçəkləşməkdədir.
Düzdür, bəşər tarixinin üzləşdiyi hər bir sənaye inqilabı fiziki əməyi yüngülləşdirib, bir sıra sahələri sıradan çıxarıb, yenilərini gətirib. Amma Dördüncü Sənaye İnqilabının mürəkkəblik və miqyas cəhətdən daha böyük olacağı öncədən proqnozlaşdırılırdı və bu inqilabla sıradan çıxacaq sahələrin həddindən çox olacağı da bildirilirdi. Bəs cəmiyyətin texnoloji inkişafa uyğunlaşması prosesi necə gedir? Sürətli texnoloji inkişaf insan faktoruna ehtiyacı azaldırmı? Bu, insanların işsizliyinə, bundan yaranan depressiyalara səbəb ola bilərmi?
"SAHİL” İnformasiya Texnologiyaları şirkətinin rəhbəri, İT mütəxəssisi Vahid Qasımov bildirdi ki, növbəti 10 il ərzində 300-dən çox ixtisasa ehtiyac qalmaya bilər:
"Hələ 5 il bundan öncə futuristik proqnoz var idi ki, hazırda mövcud olan onlarla ixtisasa 2020-ci ilə qədər ehtiyac qalmayacaq, 2030-cu ilə qədər isə 300-ə yaxın ixtisas silinə bilər. Bu siyahıda mühasib, tərcüməçi, turizm sektorundakı sahələrin bir çoxu, çağrı mərkəzi əməkdaşları, fəhlələr və s. var idi. Mexaniki və çox da zehin müdaxiləsi tələb etməyən sahələrdə bu dəyişikliyi çox görəcəyik. Mühasib və tərcüməçiləri də misal çəkdim. Onları süni intellekt əvəz edəcəyinə görə, xidmətlərinə ehtiyac olmayacaq. Məsələn, sinxron tərcüməçiyə 1 saatlıq tərcümə üçün 200 manat ödəyirlər. Ancaq 300-400 dollarlıq bir cihaz almaqla, bu problem birdəfəlik həll ediləcək. "Google translate”i misal gətirib robot tərcümələrin keyfiyyətinin heç də yaxşı olmadığını deyə bilərlər. Bu, pulsuzdur, ona görə keyfiyyəti yüksək deyil. Amma professional sistemlərin - hansılar ki, pulludur – keyfiyyəti olduqca yaxşıdır. Həmin proqramlarda hələ ki, Azərbaycan dili dəstəyi yoxdur, amma rus, ingilis, çin, fransız, ispan, ərəb və s. dillər var. Bir neçə ildə sonra Azərbaycan dili də olacaq, özü də çox yaxşı keyfiyyətdə. Sadəcə vaxt məsələsidir”.
V.Qasımovun sözlərinə görə, texnoloji inkişaf sürətlə getdiyi dövrdə həyatımız boyu bir deyil, üç dəfə ali təhsil almağa məcbur qalacağıq:
"Bir dəfə aldığımız ali təhsil ömrümüzün axırına qədər bəs etməyəcək. Əgər 20-ci əsrdə orta yaş həddi 53-57 arası idisə, 21-ci əsrdə 110 yaş olaraq planlaşdırılır. Bu illər ərzində texnologiya o qədər inkişaf edəcək ki, 16-25 yaş arası universitetdə aldığımız ixtisas, ömrümüzün axırına kimi bəs etməyəcək. Aydındır ki, orta yaş həddi 110 olduqdan sonra pensiya yaşı da 90-100-ə qədər qalxacaq. Beləliklə də, 90-100 yaşa qədər işləmək lazım gələcək. Bu səbəbdən, proqnozlarda qeyd edilir ki, insanlar həyatlarında bir deyil, üç dəfə təhsil almalı olacaqlar. Birincisi, məhz 16-25 yaş arası. İkincisi 45-50 yaş arası. 3-cü yaş aralığı 75-80-dir. O vaxt çox güclü və intensiv şəkildə oxumalı olacağıq. Bu, bizi gözləyən qaçılmaz gələcəkdir. Buna hazır olmaq lazımdır”.
V.Qasımov bildirdi ki, həm də xeyli sayda yeni ixtisaslar yaranacaq:
"Əgər əvvəllər bizə, sadəcə adi əsgər lazım idisə, hazırda dronları idarə edə bilən mütəxəssislərə ehtiyac var. Azərbaycanda hələ də qışın soyuğunda, yayın istisində küçələrin süpürülməsini ixtisassız qadınlar həyata keçirir. Amma indi avtomatik süpürən maşınları idarə edəcək cavan oğlanlar lazım olacaq. Bu kimi dəyişikliklər çox gedəcək”.
"Microsoft Azerbaijan” şirkətinin baş meneceri Qaçay Mirzəyev deyir ki, kim texnoloji yenilikləri daha tez tətbiq edirsə, o da daha çox pul qazanır, xərclərini minimallaşdırır, daha sürətlə böyüyə bilir:
"10 il bundan əvvəl və hazırda fəaliyyət göstərən 500 ən güclü dünya şirkətlərinin siyahısına baxsaq, görərik ki, 10 il bundan əvvəlki şirkətlərin çox az hissəsi hazırkı 500-lük siyahıda qala biliblər. Kim ki, texnoloji yeniliklərə barmaqarası baxıb, onların tətbiqini ləngidib – rəqabətdə uduzub. Cəmiyyət hazırda COVİD-19 pandemiyası ilə mübarizə aparır. 3 il ərzində baş verməyən texnoloji inqilab pandemiyanın ilk 3 ayı ərzində baş verib. Böyükdən kiçiyə hamı bunu hiss edir. Virtual məktəb layihəsi, elektron hökumətin pandemiya zamanı qısa zamanda təqdim etdiyi həllər (SMS icazə, e-tebib tətbiqi, 190 AZN almaq üçün xüsusi portallar və s.) buna nümunədir. Yerli şirkətlərdən hansı öz biznesini onlayn formaya daşıya bildisə, ayaqda qala bilib. Kim ki, texnologiyanın tətbiqini ləngitdi, artıq özünə gələ bilmir və ya fəaliyyətini dayandırıb”.
Q.Mirzəyev deyir ki, Azərbaycanda cəmiyyətin texnoloji inkişafa uyğunlaşmasını 10 ballıq sistemlə 3-lə qiymətləndirmək olar:
"Maariflənməyə ciddi ehtiyac var. İnsanlar əllərində olan texnologiyadan kortəbii, səmərəsiz istifadə edirlər. Məsələn, elektron kommersiya portalı yaradırlar, ancaq bu elektron vitrindən başqa funksiya vermir. Ya da əllərində "Microsoft 365” paketi var, oradan ancaq "Microsoft Teams” istifadə edirlər, audio-video zəngdən başqa xidmətlərindən faydalanmırlar. Halbuki, bu alətlərin köməkliyi ilə məsafədən əksər işləri 100% icra etmək mümkündür. Bulud həlləri əlçatan olduğu halda, xidmətləri icarəyə götürmək əvəzinə, böyük sərmayə yatırıb Məlumat Hesablama Mərkəzləri tikirlər. Tövsiyə edirəm, texnoloji yeniliklərin araşdırılmasına, sınaqdan keçirilməsinə, tətbiqinə və bu istiqamətdə maariflənməyə vaxt və diqqət ayırsınlar”.
Q.Mirzəyev deyir ki, texnoloji inkişafın insan əməyi tələb edən sahələri sıradan çıxarması ilə təşvişə düşmək yox, bunlara hazır olmaq lazımdır:
"Bəşəriyyət hazırda 4-cü texnoloji inqilab yaşamaqdadır. Əvvəlki inqilablarda buxar maşınının icad edilməsi, elektrikin kəşf edilməsi, internetin istifadəyə verilməsi böyük texnoloji sıçrayışlarla müşahidə edilib. O zaman da insanlar indiki kimi fiziki əməyin zehni əməklə əvəz olunmasından qorxurdular, çox insan da işini itirmişdi. Lakin ağıllı insanlar vaxtında uyğunlaşmaqla, öz ixtisaslarını dəyişməklə, yeni biliklər öyrənməklə iş yerlərini saxlaya, hətta qazanclarını dəfələrlə artıra bilib. Dünya dinamik olaraq dəyişir. Əgər öz inkişafına vaxt və diqqət ayırmırsansa, rəqabətdə uduzacaqsan, səndən daha səriştəli, səmərəli və faydalı birisi ilə əvəz ediləcəksən. Müasir zamanda bu, robot və ya hansısa alqoritm də ola bilər. İnsanla rəqabət aparmaq mümkündür. Ancaq insan maşınla, alqoritmlə rəqabət apara bilməyəcək. Ona görə də elə sahələrə yönəlmək, diqqət ayırmaq lazımdır ki, ən az 10-20 ildə o sahədə robotların və alqoritmlərin sürətli tətbiqi gözlənilmir. Bu, əsasən emosiya, yaradıcılıq, istedad, hisslər və s. tələb edən sahələrdir”.
Q.Mirzəyev bildirdi ki, insanlar fiziki işlərdə çox resurs sərf edir, ancaq az gəlir əldə edirlər. Belə işləri robotlara həvalə edərək dəyərli vaxtınızı azad edib yaradıcı, zehni işlərə fokuslanmaq məqsədəuyğundur: "Bütün dünyada baş verən tendensiya göstərir ki, ilk növbədə fiziki işlərdə robotlar tətbiq edilir. Düşünürəm ki, Azərbaycanda da ilk növbədə fiziki sahələrdə əmək qüvvəsinə təsir edə bilər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkə olduğumuz üçün, bizdə işçi qüvvəsi nisbətən ucuzdur. Buna görə də, yeni texnologiya tətbiq etməzdən əvvəl bir biznesmen təhlil aparanda görür ki, 100.000 AZN verib hansısa robot almaqdansa, 80 nəfərə bu işi vermək daha səmərəlidir. Ancaq son dövrlər ölkədə baş verən kadr axını ciddi kadr çatışmazlığına səbəb olub. Ona görə də, yeni texnologiyaları tətbiq etməklə işçi qüvvəsini qismən də olsa əvəzləmək qaçılmazdır”.
Q.Mirzəyev deyir ki, texnologiyanın əmək bazarına müsbət təsiri bir çox istiqamətdə özünü göstərir:
"Əmək bazarının iştirakçıları iş təklif edənlər, iş axtaranlar, kadr hazırlayan təhsil müəssisələri və bunların arasında vasitəçi kimi fəaliyyət göstərən təşkilatlardır (işə düzəltmə agentlikləri, ixtisas artırma kursları, məsləhət xidmətləri və s). Texnoloji yeniliklərin tətbiqi bunlara fərqli təsir edir. Ancaq bütün hallarda müsbət tərəfləri daha çoxdur. Dünya bazarına çıxmaq imkanı yaradır. Qlobal təcrübənin öyrənilməsi imkanına sahib olmaq imkanı verir. Məsafədən təhsil, əlavə qazanc, passiv gəlir əldə etmək, işə düzəlmək istədiyin şirkət haqqında daha geniş məlumat əldə etmək, yaxud iş elanını daha geniş kütləyə çatdırmaq imkanı, təqdim edilən sənədlərin mötəbərliyinin dərhal yoxlanıla bilməsi, məsafədən müsahibə etmək imkanı və s. müsbət tərəfləri çoxdur. Texnoloji yeniliklərin tətbiqindən əldə edilən üstünlüklərdən ən başlıcası insan amilinin aradan qalxmasıdır. Bu da rüşvətxorluq, qohumbazlıq və s kimi neqativ halları minimallaşdırmaqla yanaşı, obyektivlik, şəffaflıq gətirib”.
Q.Mirzəyev qeyd etdi ki, az da olsa, texnoloji yeniliklərin tətbiqinin əmək bazarına mənfi təsirləri də var:
"Vasitəçilik xidməti aradan qalxır. Texnoloji yeniliklərin tətbiqi müəssisələrə birbaşa potensial kadrlarla işləməyə kömək edir. Müxtəlif şirkətlərin portallarında olan vakansiya bölməsi vasitəsilə uyğun gələn vəzifələrə öz namizədliyini irəli sürmək üçün vasitəçiyə ehtiyac yoxdur. Əvvəllər belə məsələlərdə vasitəçilik edərək pul qazanan işədüzəltmə agentlikləri qazanclarının bir hissəsini itiriblər. Sizin icra etdiyiniz vəzifə öhdəliklərini çox asanlıqla bir robota və ya bir alqoritmə həvalə edə bilərlər. Hazırda "Robopit Prosess Automation” (RPA) texnologiyaları vasitəsilə istənilən təkrarlanan işi süni intellektə əsaslanan proqram təminatı icra edə bilir. İllik belə bir xidmət 10.000 avro xərc tələb edir. Bu zaman əldə edilən xidmət 24 saat 7 gün dayanmadan, yorulmadan işləyə bilir. Deməli, iş təklif edən bundan xəbər tutan kimi vəziyyət dəyişə bilər. Texnoloji yeniliklər o qədər sürətlə artır ki, bunları öyrənib bitirmək mümkün deyil. Xaricdə bəzi şirkətlər 4 günlük iş rejiminə keçiblər. Boşalan 1 günü əməkdaşlarına öyrənmək, inkişaf etmək üçün geri veriblər. Nəticədə məhsuldarlıq, peşəkarlıq xeyli yüksəlib”. Psixoloq Orxan Oruc bilirdi ki, ümumilikdə, texnologiyaların tətbiqi insanların işdə keçirdikləri vaxtı azaldacaq: "Bir çox insan işləyir, əməkhaqqı alır, amma işdən özlərinə, ailələrinə vaxt ayıra bilmirlər və özlərini daha az xoşbəxt hiss etməyə başlayırlar. Hansı işlər ki, işçilərə ailəsinə, özünə vaxt ayırmağa imkan yaradır, o işlərdə çalışanlar özlərini daha xoşbəxt hiss edirlər. Bu da birmənalı qəbul olunur ki, insan xoşbəxt olduqca işə daha çox fayda verir. Yeni texnologiyaların daha çox tətbiq olunduğu ölkələrə baxaq. Onlar işçilərin istirahət vaxtını daha çox etməyə başlayırlar. Bununla da işçilərinin xoşbəxtlik əmsallarını artırırlar. Texnologiyanın inkişafı insanın özünə ayırdığı zamanı da artırırsa, bu, depressiv mühit yox, insanların psixoloji problemlərinin azalmasına gətirib çıxara bilər”.
O.Oruc deyir ki, əgər texnoloji inkişaf işsizlik gətirərsə, dövlətlər bunun depressiv mühit yaratmaması üzərində çalışmalıdırlar:
"Əgər texnologiya insanı işsiz qoyursa, bu zaman depressiv şərait yarana bilər. Ona görə, dövlətlər çalışırlar ki, texnologiya tətbiq olunduqca, insanların sosial-iqtisadi təminatları normal səviyyədə olsun ki, bu, insanlarda əlavə qayğılar yaratmasın. Gələcəkdə texnoloji inkişaf insan əməyi minimumlaşdığı həddə çatsa, bu zaman dövlətlər artıq düşünəcəklər ki, cəmiyyətləri idarə etmək üçün mütləq insanların sosial vəziyyətini də hansısa formada təmin etmək lazımdır. Bu formada texnoloji inkişaf tətbiq olunarsa, düşünürəm ki, insanların psixoloji gərginlik keçirmə ehtimalları da azalar”.
Əvvəl gələcək zamanda danışsaq da, artıq bu dövrü yaşamaqdayıq. Bu texnoloji yeniliklərin gətirdiyi dəyişikliyi, yəqin ki, zamanla hiss edəcəyik, ya da uyğunlaşma elə gedəcək ki, bu, hiss olunmayacaq.
Aygün Asimqızı
Mənbə: kaspi.az