Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.
Anakur.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətini təqdim edir:
"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.
Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.
Bu arada, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.
Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.
Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.
Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.
Ümumdünya Sağlamlıq Gününüz mübarək!"