QHT-lərə Dövlət Dəstəyi Dövlət Agentliyinə icraçı direktor təyin edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F. Dərgahlının namizədliyini yekdilliklə dəstəkləyiblər.
Fuad Dərgahlı 1974-cü il martın 10-da Bakı şəhərində anadan olub, 1996-cı ildə N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Dövlət Hüququ fakültəsini bitirib. 1998-ci ildən müxtəlif qeyri-hökumət təşkilatlarında fəaliyyətə başlayıb, sosial, iqtisadi, təhsil sahələrində layihə və proqramların icrasına cəlb olunub. Avropanın bir sıra ölkələrində və ABŞ-da vətəndaş cəmiyyəti sahəsində proqramlarda iştirak edib. Dünyanın 20-dən çox ölkəsində keçirilən təlim, seminar və konfranslarda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi təmsil olunub. 2012-ci ildən “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri vəzifəsində çalışır.
İclasda Agentliyin əməyin ödənişi fondunun, strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin layihəsi müzakirəyə çıxarılıb, Müşahidə Şurasının üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunub.
Sonra Agentliyin Nizamnaməsindən irəli gələrək daxili qaydaların reqlamentinin hazırlanması ilə bağlı məsələ müzakirə edilib. Sənədin hazırlanması üçün bir neçə Şura üzvündən ibarət işçi qrup yaradılması və qısa müddətdə müzakirəyə çıxarılaraq təsdiq olunması barədə qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı Agentliyin texniki təminatı və qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.