Azərbaycan xalqının ən yüksək mənəvi dəyərlərindən biri də vətənini sevmək, tarixini unutmamaq, xalqı üçün, milləti üçün qurtuluş, istiqlal, birlik, müstəqillik və müasir inkişaf yollarını göstərmiş şəxsiyyətlərini anmaq, onların xatirəsini daim uca tutmaqdır.
Hər məzar daşı tariximizdir
...Yaxın illərin xatirəsidir. Novruz bayramı günlərində tətildən istifadə edərək dostların dəvəti ilə qonşu Gürcüstan respublikasına,Tbilisi şəhərinə getmişdim. Qaldığımız otellə üzbəüz, Kür çayının sahilindəki bağçada Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi əzəməti ilə ucalmaqda idi. İlk getdiyim məkan, ziyarət etdiyim yer də elə bu abidə oldu. Birinci dəfə idi ki, Vətəndən kənarda olduğum zaman özümdə xalqımızın tarixi şəxsiyyətlərinin xatirəsinə ehtiram olaraq onların məzarlarını yenidən ziyarət etmək ehtiyacı hiss etdim. Bakıya qayıdarkən Heydər Əliyevin Fəxri Xiyabanda məzarını bir daha ziyarət edib, önünə tər gül dəstələri qoydum.
Rayona, yaşadığım Salyana qayıdarkən Novruz tətili hələ qurtarmamışdı. Niyyətim qədim Azərbaycan şəhəri Ərdəbilə getmək və Şah İsmayıl Xətainin məqbərəsini ziyarət etmək idi. Bu ünvan da mənə çox doğmadır. Hətta dəqiq bilirəm ki, Salyandan Ərdəbilə şəhərinə qədər məsafə 242 kilometrdir. Novruz günlərində Şahımızın ziyarətinə gələnlər də çox idi. Zaman keçdikcə, Xətainin Azərbaycanın vahid dövlət quruculuğu, Azərbaycan dilinin dövləti dili kimi təsis edilməsi və digər sahələrdəki xidmətləri daha çox və yeni mənada dəyərləndirilməkdədir...Bəli tarixi şəxsiyyətlərimizi zaman-zaman anmalı və təbliğ etməliyik.
Əli bəy Hüseynzadənin xatirəsi müəyyən dövrün məhdudiyyətlərinə baxmayaraq xalqımızın qəlbində həmişə yaşamışdır. Ümumxalq məhəbbətini ifadə edən heykəli isə Salyanda, dünyaya göz açdığı torpaqda 1993-cü il 24 fevral doğum günü ərəfəsində ucaldılmışdır. Hazırda rayon tarix- diyarşünaslıq muzeyi və ən böyük küçələrdən biri onun adını daşıyır. Bakı şəhərində də adına küçə vardır. Əli bəy Hüseynzadənin övladlarından yalnız Səidə Santur Azərbaycana, ata yurdu Salyana gələ bilmişdir. Digər övladları - 80 il ömür sürmüş oğlu Səlim Turan və 100 il yaşamış qızı Feyzavər Alpsar istəsələr də, çalışsalar da, ata yurdu Azərbaycana, doğma Salyana gəlmək onlara qismət olmamışdır. Əli bəyin üç övladının heç biri nəsil şəcərəsini davam etdirə bilmədi. Övladları olmadı. Əli bəy son mənzilə də qohumların, doğmaların deyil, yaşadığı məhəllənin insanlarının çiynində getmişdir.
30 ildən sonra İstanbul şəhərinə qisa müddətə olan ikinci səfərim zamanı ilk görəcəyim işlər sırasında Əli bəy Hüseynzadənin məzarını ziyarət etmək oldu.
Əli bəy Hüseynzadənin 1940-cı ildə İstanbulda vəfat etməsi və buradakı Qaracaəhməd məzarlığında dəfn olunması barədə məlumatlar onun tərcümeyi halını çap etmiş bütün mənbələrdə qeyd edilmişdir. Lakin bu barədə ilk dolğun məlumat Əli bəy Hüseynzadənin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat"qəzetinin baş redaktoru, jurnalist həmkarımız Azər Turanın böyük mütəfəkkir haqqında çap etdirdiyi əsərlərdən almışdım. Xüsusən, qələm dostumuzun 2009- cu ildə İstanbula səfəri, qızı Feyzavər xanımla görüşməsi və onunla birlikdə Əli bəyin qəbrini ziyarət etməsi, qəbir üzərinə doğma Salyandan apardığı torpağı səpməsi və bu türk dünyasının böyük oğlunun yeganə yadigarı kimi, Feyzavər xanımla apardığı müsahibə məndə də çox müqəddəs hisslər oyatmışdır. İndi, Feyzavər xanımın həyatda olmadığı bir dövrdə İstanbulda Əli bəyin məzarı üzərinə gedərkən Feyzavər xanımın 12 il əvvəl Azər Turana söylədiyi sözlərin ağırlığı yenidən qəlbimi sıxır: "Babam həftə sonu vəfat etdi. Hər yer tətildi. Tətilə rast gəldiyi üçün universitetin xəbəri olmadı".
Bəli, türk xalqlarının intibahı üçün tarixi xidmətlər göstərmiş Əli bəyin son mənzilə sakit, ictimai toplumun iştirakı olmadan yola salınması da bir tale qisməti imiş.
Bizi gözləyən Üsküdar
İstanbulun dəniz vağzalı anlamını ifadə edən "Emin ağzı"ndan bizi boğazın o biri sahilinə, yəni Asiya səmtinə çatdıracaq su nəqliyyat vasitəsi olan "Vapur" dalğaları yara-yara irəlilədikcə, təkrarsız dəniz lövhələri fonunda Üsküdarın füsunkar mənzərəsi göz oxşayırdı. Uca minarəli məscidlər, möhtəşəm binalara söykənərək öz ömrünün tarixə çevrilməsinə şahidlik edən qədim tikililər bu türk yurdunun keçmişindən, dünənindən xəbər verirdi. Görəsən, 80 ildən artıq bir müddət əvvəl Əli bəy əbədi olaraq qoynuna alan bu torpaq onun doğulduğu Salyandan gəlmiş, burada heç kimin tanımadığı müsafiri necə qarşılayacaqdı?!..
20-25 dəqiqəlik dəniz yolçuluğu bizim üçün bəlkə bir an kimi keçdi. Bu da sahil. Vapur bizi sanki şəhərin ən qaynar nöqtəsindən sahilə çıxmaq üçün yan almışdı. Türkiyənin hər yerində olduğu kimi, burada da ictimai nəqliyyat olsa da, turistlər əsasən taksi xidmətinə üstünlük verirlər. İlk qarşılaşdığım insandan Qaracaəhməd məzarlığına getmək istədiyimi bildirdim. "Avtobusla üç dayanacaqdır",- dedilər. Təbii ki, koronavirus və digər məsələləri nəzərə alaraq mən də taksiyə mindim. Ünvanı dedim. Əli bəyin adını çəkmək istədim. Sürücü qardaş dedi ki, Qaracaəhməd məzarlığı çox böyük bir ərazidir, sahəsi təqribən 750 hektardır. Mövcud olduğu 500 yüz ildə burada 2 milyondan çox insanın dəfn olunduğu deyilir. Bələdçi olmadan istənilən ünvanı tapmaq çox çətindir. Gərək bələdiyyənin məzarlıq idarəsindən bilgi alasan. Mən isə doğru bilgini əvvəlcədən Azər Turandan almışdım. Sürücüyə məzarlığın "Çiçəkli" qapı deyilən hissəsində dayanmasını xahiş etdim.
“Çiçəkli” məhəlləsində əkilən çiçəklər
...Bura yaşıllıq deməzdim, meşəlik içərisində bir aramgahdır. Çox qədim bir yer olsa da, qəbirlər üzərində yazılar çətinliklə oxunsa da, özünəməxsus səliqəsi var. Demək olar ki, hər yüz metrdən bir qurulmuş bulaqdan daimi su gəlir. Qəbirlərin səliqə sahmanına mərhumların yaxınları və ya onların təyin etdikləri adamlar, yaxud da könüllülər baxırlar.
1940-cı ildə torpağa tapşırılmış Əli bəy Hüseynzadənin məzarını çox axtarmağa ehtiyac olmadı. Əlli-altımış metr irəliləyən kimi, sağ cinahda başı göylərə dəyən uca ağacların kölgəsində dəfn olunan Əli bəyin məzarı üzərində dalğalanan Türkiyə və Azərbaycan bayraqları uzaqdan görünür. Burada heç bir məzarın üzərində dövlət bayrağı ucaldılmamışdır. Bu, çox böyük bir anlamdır. Bayraqların Milli Məclisimizin deputatı Qənirə Paşayevanın və digər təəssübkeş insanların təşəbbüsü ilə ucaldıldığını eşidəndə çox sevindim.
Ehtiramla məzara yaxınlaşıb təzim etdim. Doğulduğu torpaqdan, dünyaya göz açdığı Salyandan gəldiyimlə sanki qeyri-adi qürur duydum. Sükutlu və hüznlü dəqiqələr keçirmək, ruhuna dualar oxumaq, həmyerlilərinin ehtiramını dilə gətirmək və ən nəhayət, məzarı üzərində təzə güllər əkmək mənim üçün heç vaxt unudulmayacaq qədər dünyəvi hisslər oldu.
Qurban bayramı və milli mətbuatımızın yaranması günü ərəfəsində qardaş Türkiyə respublikasında olmaq, birgə tariximizi yaşadan yerlərlə tanışlıq, mətbuatımızın inkişafında özünəməxsus rolu olmuş, türkçülük məfkurəsinin yaradıcısı, həkim, jurnalist, şair, tərcüməçi, rəssam, musiqiçi, İstanbul Tibb Universitetinin professoru Əli bəy Hüseynzadənin məzarını ziyarət etmək isə məndə unudulmaz təəssürat yaratdı.
Bir çox tarixi şəxsiyyətlərin uyuduğu qəbiristanlıqla tanış olarkən Əli bəyin məzarını ziyarət edən bir xanım gördüm. Maraq məni çəkdi. Bilirdim ki, Əli bəyin qəbiri üzərinə gələcək qohum-əqrəbası, nəsil şəcərəsini təmsil edəcək bir kimsənə yoxdur…Övladları dünyasını dəyişmiş, nəvə-nəticə isə onun taleyində olmamışdır…Demək təəssübkeşlərdən, könüllülərdən ola bilərdi. Təqaüd yaşında olan bu xanımla tanışlıq ikimiz üçün də maraqlı oldu. Zinyət Rzayeva idi.
Bakıdan gəlib. 10 aydır ki, Üsküdarda yaşayır. Nəvələr də buradadır. Qızı Əntiqə xanım Kadıköy Konservatoriyasında doktoranturada təhsil alır. 22 il musiqi müəllimliyi təcrübəsi vardır. Zinyət ana deyir ki, Əli bəy Hüseynzadənin məzarını tez-tez ziyarət edirəm. Nəvələrim də gəlir. İstanbul-Azərbaycan Kültur Evinin rəhbəri Hikmət bəyin təşkil etdiyi tədbirlərə də qatılırıq. Bu gün də məzar üzərində aparılmış təmizlik işləri və yeni güllərin əkilməsini görəndə çox sevindim. Bildim ki, kimsə doğma bir insan burada olub. Bu işlərin Əli bəyin dünyaya gəldiyi bir torpaqdan gələn həmyerlisi tərəfindən icra edildiyini biləndə isə çox sevindi. Birlikdə Əli bəyin həyat yoldaşı Ədhiyyə xanımın məzarında da səliqə işləri gördük. Sonra Zinyət xanım məni yaşadığı mənzilə dəvət etdi. Nəvələr və Bakıdan yeni gəlmiş baçısı ilə Əli bəy haqqında söhbətlər etdik. Əli bəyin doğulduğu torpaqdan gəlmiş bir ziyalının İstanbulda onun haqqında söylədikləri maraqlı oldu. Zinyət xanımın vasitəsi ilə İstanbul-Azərbaycan Kültur Evinin rəhbəri Hikmət bəylə telefon əlaqəsi yaratdıq. Görüşə bilməsək də gələcək fəaliyyət üçün yaxşı zəmin yarandı.
Beləcə, Üsküdar mənim üçün daha doğma bir ünvana çevrildi. Tanıdığım hər kəsdən Əli bəy Hüseynzadənin həmyerlisi olduğuma görə, ehtiram və sayğı hiss etdim. Hər kəs türkçülüyün beşiyi sandığı qədim Salyan torpağına İstanbuldan salam və ehtiramını göndərdi.
"Yeni görüşlərədək, Üsküdar",- dedim.
Rüstəm Məlikov,
Ali Media mükafatı laureatı.
Salyan - İstanbul - Salyan.