Koronavirus pandemiyası dövrü hələ ki, davam edir. İnsanlar əzizlərinin, doğmalarının gözü qarşısında bu amansız xəstəliyə yoluxur və çox qısa bir müddətdə dünyadan köçürlər. Bəzən ailə üzvlərimizi, doğmalarımızı, iş yoldaşlarımızı xilas etməyə geçikirik. Çünki bu yoluxucu xəstəliyin inkişaf dinamıkasını və yayılma sürətini düzgün qiymətləndirmirik. Daha doğrusu, reallığa biganəlik göstəririk. İyi, rəngi, qoxusu olmayan xəstəlik isə gündə bir biçimdə, bir formada peyda olur. İndi bütün dünya koronavirusun "Omicron"ştammı ilə üz-üzə qalmışdır. “Omicron” ştammı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında dünyada ciddi artım müşahidə edilir. Açıqlanan son məlumatlardan bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib. Hazırda dünya boyu 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştammı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir;
Təəssüf ediləsi odur ki, adı dilimizə belə yatmayan bu xəstəlik növü artıq Azərbaycanda da peyda olmuşdur. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi rəsmi məlumat yaymışdır.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı dövlər səviyyəsində vaxtında və əsaslı işlər görüldüyünə görə vəziyyət məqbul olsa da təhlükə sovuşmayıb. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır.
Lakin bütün bunlar arxayınçılığa əsas vermir. Real təhlükə sovuşmayıb. Ona görə də vaksinasiyada iştirakla yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Biz də hər kəsi ayıq –sayıq olmağa, gözəgörünməz xəstəliyə qarşı mübarızə aparmaq üçün ilk növbədə vaksinasiyada yaxından iştirak etməyə, başqalarını da bu işə təşviq etməklə, həm özümüzü, həm də ətrafımızdakıları qorumağa çağırırıq.
Rüstəm Məlikov,
“Ana Kür” ictimai birliyin sədri.