Bu gün biz - vətəndaş cəmiyyətinin bir qrup rəhbərləri Sərsəng su anbarında yaranmış ekoloji böhran vəziyyəti ilə bağlı narahatlığımızı bildirərək bəyanat səsləndirdik. Otuz ilə yaxın Ermənistanın havadarlıq etdiyi qeyri-qanuni qurumlar heç bir standartlara riayət edilmədən su anbarını istismar ediblər. Qış dövründə lazımsız yerə Sərsəng su anbarının suları əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb. Nəticədə orada yaşayan insanların həyat şəraiti üçün təhlükə yaranıb, təsərrüfat sahəsinə, infrastruktura ciddi ziyan dəyib. Tələb olunan dövrdə isə - yay mövsümündə su anbarından istifadəyə qadağa qoyulub. Bu isə təsərrüfat üçün yararlı torpaqların yararsız vəziyyətə düşməsi üçün şərait yaradıb. Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.
“Qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycan dövlətindən bununla bağlı qanun çərçivəsində ölçü götürməyi xahiş etmişik. Bəyanatımızın əsası ondan ibarətdir ki, Sərsəng su anbarında yaranmış həmin böhran vəziyyəti aradan qaldırılsın. Ermənistanın qanunsuz fəaliyyətinə dayan deməyin vaxtıdır. Ümumiyyətlə, Ermənistanın Cənubi Qafqazda ətraf mühitlə bağlı yaratdığı ekoloji böhran vəziyyəti son həddə çatıb. İstər Ermənistan daxilindəki ətraf mühitlə bağlı qeyri-qanuni fəaliyyət, istərsə də Azərbaycan ərazisindəki Sərsəng su anbarına qarşı törədilən ekoloji terror sosial-iqtisadi həyatda ciddi böhran vəziyyətinin yaranmasına səbəb olub. Bəyanata imza atan təşkilatlar bu məsələ ilə bağlı ciddi ölçü götürmək niyyətindəyik. İnanırıq ki, aidiyyəti qurumlar bizim səsimizə səs verəcəklər. Bununla yanaşı, Cənubi Qafqazda mövcud olan dövlətlərin əhalisi də bizimlə həmrəylik nümayiş etdirməlidir. İş burasındadır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydaları sudan istifadəni insan hüquqları kimi tanıyır. Sərsəng su anbarına qarşı törədilən ekoloji terror vəziyyəti əslində insan hüquqlarının pozulması deməkdir. Düşünürəm ki, bu da yolverilməzdir. Biz də buna qarşı ciddi etirazımızı bildiririk və mübarizəmizi davam etdirəcəyik”, - deyə Q.Yusubova qeyd edib.