Eldar Sabiroğlu,
sabiq millət vəkili və ehtiyatda olan polkovnik
Birləşmiş Ştatların prezidenti cənab Bayden Amerikanın siyasi tarixinə ermənilərin xeyrinə gözlənilməz və son dərəcə ədalətsiz bir səhifə əlavə etdi. Bu qara və olduqca tündləşdirilmiş səhifədə Bayden erməni faşizminin birəsrlik arzusuna yol açaraq, 1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıdığını bəyan etdi.
Bayden açıq-aşkar tərəf tutdu. Bununla da, ABŞ, uzun illər NATO-da Türkiyə ilə əməkdaşlıq və müttəfiqlik əlaqələrinin perspektiv inkişafını böyük sual altına çəkdi. Bayden göstərdi ki, onun hökuməti üçün bütün mənəvi, siyasi, nəhəng iqtisadi bağlantılar dini baxışların fövqündə yox, məhz alt qatında yerləşir.
Bu fikrimi qərəzli, kinli və acıqlı münasibət tərzində yox, uzun zamanlar məhz güclü müsəlman dövləti olaraq Türkiyəyə qarşı ABŞ hökumətinin nümayiş etdirdiyi qeyri-səmimi yanaşma kimi qəbul edilməsini istərdim. Mənim qavradığım, reallıqlara söykənən mövqeyim heç də aldadıcı meyllərdən öz qaynağını almır.
Çox təəssüfləndiricidir. ABŞ-ın yeni hökumət başçısı tərəfindən Ağ Evdə əyləşdiyinin həftəsi tamam olmamışdı ki, Türkiyə ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətləri üzrə səslənən bəyanat və açıqlamaların hər iki ölkə üçün dərin faydalar gətirəcəyini düşündük. Hətta hörmətli Ərdoğanla dostluq təmaslarını gündəmə daşıyan cənab Baydeni birdən-birə nə dəyişdirdi ki, o, uydurma və saxta 1915-ci il "erməni soyqırımı" ifadəsini ortaya atmaqla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa can atdı. Böyük siyasi təcrübə sahibinin siyasi nərdivanda belə sərt büdrəməsini heç istəməzdim.
Bayden bu açıqlaması ilə, çox yəqin ki, 44 günlük müharibədə böyük qələbə qazanmış Azərbaycanı da hədəf götürməmiş deyil. Erməni məhəbbəti nə zamansa sol ovcunda bərk-bərk saxladığı çınqıl daşını Azərbaycanın üzərinə atacağı gün yaxındadır. Türkiyənin yanında Azərbaycan da var. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan və Ali Baş Komandan İlham Əliyevin sarsılmaz və möhkəm iradəsi ilə ərazilərimizin, nəhayət ki, erməni faşizminin ilhaqından azad edilməsinin onun xoşuna gəlmədiyi artıq bir gerçəkdir. Ermənipərəst Bayden, Şuşaya atılmış dağıdıcı İsgəndər-M ballastik raket qurğusunun erməni ordusunun əlinə necə düşdüyünün, görsənir ki, heç fərqində deyil. ABŞ dövlət başçısı kütləvi qırğın silahından istifadənin səbəblərini yaxına buraxmır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın Qarabağla gizlində saxladığı məsələlər var ki, vaxtı gözləyir. Birtərəfli qaydada Baydenin Ermənistanı müdafiə etməsi onun nə qədər ədalətli və demokratik fikirli dövlət başçısı olduğunu nümayiş etdirdi.
Saxta 1915-ci il "erməni soyqırımı"nı Baydenə qədərki hansısa ABŞ prezidenti dilə gətirməmişdi. Çətinliklə seçilən Baydenə hansı amillər təsir etdi ki, o, belə çıxış etməyə məcbur oldu!? Ya budur, yada ki, təsirsiz-filansız, fitrətində dərin bir erməni sevgisi var!
Sizə də, mənə də gün kimi aydın olan bir həqiqət var. Heç nə özlüyündə yaranmır. Bəlkə Soros? Bilmək olmaz, bəlkə də Kim Kardaşyan!? Axı, Ermənistanın heç nəyi yoxdur, bir həftə kənardan ölkəyə yeyəcək gətirilməzsə, millət qırılıb batar. Bu mənada Azərbaycanla heç müqayisə oluna bilməz. Buna baxmayaraq, dünyada dəstəkçiləri az deyil. Azərbaycan isə bütün güclü iqtisadi kontraktlarında ABŞ-ın maraqlarını nəzərə alıb və s. və ilaxır. Bununla belə "etibarsız" ABŞ erməni faşizminin təəssübünü çəkməkdən geri durmur. Yuxarıda qeyd etdiyim din faktoru öz rolunu oynayır. Uydurma 1915-in adını çəkirdisə, o zaman prezident Serj Sarkisyanın Xocalı soyqırımının təşkilatçısı olduğunu açıq şəkildə etiraf etməsini nə üçün səsləndirmirdi!? ABŞ da daxil, qərbin böyük bir hissəsi işğalçı Ermənistanı müdafiə edir. Tarix ikinci belə vandal millət və dövlət yetişdirməyib. Soruşan yoxdur, Ermənistan dediyimiz Qərbi Azərbaycandan bir əsrdə 4 dəfə azərbaycanlıları deportasiya ediblər. Erməni faşistləri 300 mindən çox günahsız, silahsız insanı qətlə yetirib. Yoxsa bunların soyqırımla əlaqəsi yoxdur.
ABŞ prezidenti Bayden üçün yeni faktlar. Gələn ilin aprelində istəyərsə bir-kəlmə də bu haqda danışar. Türkiyəni soyqırımda ittiham edən prezident Baydenə gözəl bir xatırlatmam var. Məncə bundan sonra kimin soyqırım cinayətinə yol verdiyi daha yaxşı bəlli olar:
1.Vyetnamda 3 milyon
2. Koreyada 3 milyon
3. Kambodja və Laosda 1 milyon
4. Əfqanıstanda 1,5 milyon
5. İraqda 1 milyon.
6. Naqasaki, Xirosimo 350 min
Bu günahsız insanları qıran ABŞ ordusudur. Bu rəqəmlər onun qətlə yetirdiyi milyonların cuzi bir hissədir. Baxın bu rəqəmlərə və bundan sonra hər kəs özü soyqırım cinayətini törədən ölkənin ünvanını müəyyənləşdirməyə çətinlik çəkməz.
Azpolitika.info