Son illər dövlətimiz tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək Salyanda aqrar sektorun bu sahəsinə marağı xeyli artırıb. Fermerlər pambıq istehsalından yaxşı mənfəət götürdüklərindən rayonda “ağ qızıl” sahələri ilbəil genişlənir, məhsuldarlıq artır. Rayonda xarici ölkələrdən gətirilən pambıq sortları ilə yanaşı, yerli sortların əkininə də geniş yer verilir və məhsuldarlıq xaricdən gətirilən pambıq sortlarından heç də az olmur.
Bu il Salyanda 5 min 10 hektar sahədə pambıq əkilib ki, bunun da 20 hektarı Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin payına düşür. Üçüncü ildir ki, mərkəzin təcrübi sahəsində xarici və yerli pambıq sortlarının qarışıq, yəni çarpaz əkini aparılmaqla sortların müqayisəli qiymətləndirilməsi təcrübəsi həyata keçirilir.
Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin direktoru Ələkbər Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il mərkəzə məxsus sahədə 3 Yunanıstan, 3 Türkiyə və 3 yerli sort pambıq əkilib. Məqsəd bu sortların içərisində yerli iqlim şəraitinə yaxşı uyğunlaşan daha məhsuldar sortların müəyyənləşdirilməsi və həmin sortlardan geniş istifadə olunmasıdır.
Artıq təcrübə sahəsində pambıq yığımı aparılır. Xarici sortlarla yanaşı, yerli sortlar əkilən sahələrdə də məhsuldarlıq yüksəkdir və bu sortların bir sıra üstün cəhətləri var.
“Alimlərimizin yetişdirdiyi “Gəncə-110”, “Gəncə-160”, “Gəncə-8”, “Aznix-195” sortları xarici sortlara nisbətən 8-10 gün tez yetişir. Yerli sortlar xəstəlik və ziyanvericilərə daha davamlıdır. Bu üstünlüklərinə görə yerli pambıq sortları iqtisadi cəhətdən daha səmərəlidir”, - deyə direktor vurğulayıb.
Ə.Məmmədov onu da qeyd edib ki, yerli pambıq sortlarının hər hektarından 40-50 sentner məhsul götürülür. Hədəf isə gələcəkdə yerli sortların xarici sortlarla seleksiyası nəticəsində hər hektardan 60 sentner məhsul götürməkdir.