Bir neçə gündür ki, Salyanda pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 277.6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari təsərrüfat ilində rayonda 5 min 10 hektar sahədə pambıq əkilib. Bunun da 775 hektarı Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunun son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ərazi vahidində indiyədək 30 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub.
Kənddə fəaliyyət göstərən fermer Elşən Zülfüqarov uzun illərdir ki, təsərrüfatın bu sahəsi ilə məşğul olur. Məhsul istehsalçısı ötən il 20 hektar pambıq sahəsinin hər hektarından 35 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm 28 hektar sahədə pambıq becərmişəm və bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Kolların yarpaqlarının tökülməsi üçün sahədə defolvasiya işlərini başa çatdırmışam. Yaxın günlərdə məhsul toplanışına başlayacağam. Becərdiyim sahənin hər hektarından ən azı 30-35 sentner məhsul götürəcəyimə əminəm. 2018-ci ildə dövlət tərəfindən pambığın bir tonunun hər növ üzrə alış qiymətinin 50 manat artırılması məhsul istehsalçılarının ürəyincə olub. Bundan ruhlanan fermerlər yetişdirdikləri məhsulun son qozasınadək toplamaq üçün işin surətini günbəgün artırırlar”, – deyə fermer bildirib.
Bu il rayonda pambığın yarıdan çoxunun maşınlarla yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 24 ən müasir pambıq yığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 1770 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir.
Qeyd edək ki, bu il rayonda 15 min tondan artıq “ağ qızıl”ın istehsal edilməsi nəzərdə tutulub.