"Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar".
İlham ƏLİYEV.
Bu gün, respublikamızın prokurorluq işçiləri peşə bayramlarını 105- ci dəfə qeyd edirlər. Salyan Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri, Rəcəb Hacıyev anakur.az saytına müsahibəsində demişdir:Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü haqqında" 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə əsası qoyulmuş ənənəyə uyğun olaraq, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. İlk dəfə olaraq bu əlamətdar gün müstəqil respublikamızın ərazi bütövlüyünün təmin edildiyi bir dönəmdə qeyd ediləcəkdir.
Şanlı Silahlı Qüvvələrimiz daha bir tarixi zəfər yazmışlar. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirilmişdir. Sentyabrın 20-də saat 13:00-da isə artıq düşmən ağ bayraq qaldıraraq təslim olduğunu bildirmiş, döyüş mövqelərindən çıxaraq silahları təhvil verməyə başlamışlar. Hazırda Rüsiya Sülh Məramlı Kontingentinin iştirakı ilə silahlı dəstələrin tərk-silah edilməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Doğma Qarabağımızda ərazi bütövlüyünün təmin edilməsi vətəndaşların millətindən və dini, irqi mənsubiyyətindən asılı olmayaraq, konstitusiya hüquqlarının təmin edilməsi Azərbaycan dövlətinin, xalqımızın tarixi qələbəsidir. 30 il idi ki, Ermənistan silahlı qüvvələri öz havadarlarından maddi və siyasi dəstək almaqla tarixi torpaqlarımızı zəbt etmiş, bir milyondan artıq əhalimiz doğma yurdlarından qaçqın vəziyyətinə salınmışdı. Dünyanın gözü önündə tarixi ədalətsizlik davam etməkdə idi. Hətta, BMT-nin ayrı-ayrı vaxtlarda qəbul etdiyi qətnamələr də kağız üzərində qalmaqda idi.
44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələndi. Biz cox böyük hadisənin, tarixi ədalətin bərpa olunmasının şahidləriyik.
30 illik işğal dövründə baş vermiş hadisələr, təkcə türk olmalarına görə xüsusi işgəncələrlə törədilən qətllərin, Xocalı qətliyamı kimi bəşəri cinayətlərin, yüzlərlə digər hadisələrin icraçıları layiqli cəzalarını almalıdırlar.
Ermənistanın tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarından ən dəhşətlisi 26 fevral 1992-ci ildə baş vermişdir. Bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Sonrakı illərdə də Azərbaycanın mülki əhalisinə qarşı terror aktları davam etdirilmişdir.
II Qarabağ müharibəsindən sonra minaya düşüb həlak olanlar da az deyil. 2020-ci il 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə kimi Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə, 314 nəfər minaya düşüb və onlardan 61 nəfəri həlak olub.
Sentyabrın 19-da Erməni Silahlı Qüvvələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra geniş miqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Erməni kəşfiyyat- diversiya qrupları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədi ilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıblar.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prokurorluq orqanları Erməni Silahlı qüvvələrinin Azərbaycanin ərazisini işğal etməyə başladığı zamandan bu günə kimi törətdikləri bütün cinayətlərin tədqiqi barədə işlərə başlamışlar. Sentyabrın 19-da baş verən terror hadisəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatı yayılmış və faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinə başlanılmışdır. Yeri gəlmişkən, qeyd edək ki, Xocalıda soyqırım iştirakçılarından biri Vaqiv Xaçaturyan Laçın keçid məntəqəsində saxlanılmış və hazırda istintaq altındadır.
Ermənistanın Azəraycana təcavüzü nəticəsində 20 min Azərbaycanlı həlak olmuş, 4 min 866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlilə çevrilmişdir. Respublikamızın çoxlu sayda maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Beynəlxalq Qiymətləndiricilər Assosasiyasının hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox maddi ziyan dəymişdir. Azərbaycanın Respublikası Baş Prokurorluğu və Xarici İşlər Nazirliyinin birgə məlumatına əsasən, 1988-ci ildən etibarən Ermənistanın işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə və ekoloji terror nəticəsində ölkəmizə 16,2 milyard manat məbləğində ziyan dəyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, rəsmi Bakı Ermənistanın Qarabağdakı qanunsuz istismarı ilə bağlı bütün hüquqi prosedurlara start verib: “Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Bir cinayyət də cavabsız qalmayacaq.”
Sonda qeyd etmək istəyirəm ki, prokurorluq hüquqi dövlətimizin zəruri atributlarından biri kimi fəaliyyət göstərdiyi 105 il ərzində şərəfli bir yol keçmişdir. Müstəqilliyimizin bərpa olunduğu son 32 il ərzində isə prokurorluq orqanlarının fəaliyyəti dünya standartlarına uyğunlaşdırılmaqla, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanır. Bu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur. Heydər Əliyev çıxışlarında qanunun aliliyini yüksək dəyərləndirərkən, prokurorluqda da bu prinsipə dönmədən əməl olunmasının zəruriliyini xüsusi vurğulayır, qurumun fəaliyyətini mühüm dövlət təsisatı kimi yüksək qiymətləndirirdi: "Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də var, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Bu sözlər prokurorluq işçilərində hər zaman böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edib, insan hüquq və azadlıqlarının, qanunçuluğun təmin olunmasında, cəmiyyətin inkişafına maneə törədən halların aradan qaldırılmasında, məhkəmə-hüquq sisteminin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında mühüm rol oynayıb.