Mart ayının 17-də Milli Qəhrəman Nazim Babayevin doğum günü rayon ictimaiyyətinin iştirakı ilə onun Salyan şəhərində ucaldılmış büstünün ziyarət olunması ilə qeyd edilmişdir. Həmin gün Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Qəhrəmanın anası Laçın ana, hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət idarələrində çalışan qulluqçular, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki Şəhidlər Xatirə Kompleksinə gələrək Milli Qəhrəmanın abidəsini ziyarət etmiş, onün büstü önünə gül-çiçək dəstələri düzmüşlər.
Keçən əsrin 90-cı illərinin əvvəllərində özünün dövlət müstəqilliyini qazanan Azərbaycan bir sıra xarici və daxili qüvvələrin təsiri altında siyasi təzyiqlərə məruz qalırdı. Müəyyən düşmən qüvvələr tərəfindən qızışdırılan silahlı dəstələr sui-qəsdlər törədir, dövlət çevrilişlərinə cəhd edirdilər.
1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi dövlətin formalaşmasına real şərait yarandı. Lakin buna baxmayaraq, yenə də bəzi qüvvələr ölkədə xaos, özbaşınalıq yaratmağa çalışırdılar. 1995-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Danimarkanın paytaxtı Kopenhagen şəhərində beynəlxalq sammitdə olduğu vaxtda xüsusi təyinatlı polis dəstəsinin komandiri Rövşən Cavadovun başçılığı ilə silahlı dəstə 8-ci kilometr qəsəbəsindəki hərbi hissədə dislokasiya olaraq Azərbaycan dövlətçiliyinə qarşı silahlı qarşıdurma yaratdı. Lakin həmin dövrdə Azərbaycan Ordusu kifayət qədər mütəşəkkil qüvvəyə malik idi. Milli Ordumuzun qətiyyəti, iradəsi sayəsində dövlət çevrilişinə cəhd edən bu qüvvələr zərərsizləşdirildi. Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla həlak olan Milli Ordunun döyüşçüləri sırasında Nazim Abbas oğlu Babayev də var idi. İki il ermənilərlə döyüşlərdə iştirak edən Nazim Babayev təəssüflər olsun ki, öz həmvətənlərinin atdığı güllədən həyatını itirdi.
Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayev 1975 -ci il fevralın 5-də özünün vətənpərvər, igid, qəhrəman oğulları ilə öyünən, qürur hissi keçirən, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə tanınan, Darülmöminlər diyarı Salyan rayonunun Aydıngün (indiki Yeni Uluxanlı) kəndində anadan olmuşdur. Atası Abbas kişi Əli Bayramlı (indiki Şirvan) şəhərinin neft mədənlərində və başqa təşkilatlarında işləmişdir. Nazim erkən yaşlarından atasını itirmiş, anasının himayəsində böyümüşdür.
1992-ci ildə kənd orta məktəbini bitirən Nazim işləmək, ailəsinə kömək etmək, anasının işini bir qədər yüngülləşdirmək istəyirdi. Lakin həmin illərdə erməni faşistlərinin Azərbaycan torpaqlarına təcavüzü baş vermişdi. Ona görə də 18 yaşı tamam olduqda Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaxından iştirak etmək üçün hərbi xidmətə yollandı. Qısa müddətdə keçdiyi təlimlərdən sonra Nazim Babayev Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi fəallıq nümayiş etdirirdi.
1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin qeyri-qanuni silahlıları dövlət çevrilişinə cəhd edəndə Nazimin də xidmət etdiyi hissə dövlət çevrilişinin qarşısının alınmasında iştirak edirdi. Bu əməliyyatlarda cəsurluğu ilə seçilən igid həmvətənimiz qəhrəmanlıqla həlak oldu.
Füzuli, Tərtər bölgələrində igidliklə döyüşən, düşmən qarşısında mətanətlə dayanan Nazim Babayev 1995-ci ilin mart hadisələrində şəhidlik zirvəsinə yüksələrək ölməzlik qazandı. Qəhrəman eloğlumuz Salyan rayonunun Qaraçala qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edildi.
Ulu Öndər Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Nazim Abbas oğlu Babayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Dövlətimiz tərəfindən Nazim Babayevin adı əbədiləşdirilmişdir. Belə ki, Salyan şəhərindəki küçələrdən birinə onun adı verilmiş, Salyanda Şəhidlər kompleksində büstü qoyulmuşdur.
Nazimin Vətən naminə şəhid olmasından artıq 26 il keçir. Lakin bundan sonra neçə onillər, neçə yüzillər keçsə belə, onun gələcək nəsillər üçün örnək olacaq ömür səhifələri dönə-dönə vərəqlənəcək, işıqlı, parlaq xatirəsi həmişə yad ediləcəkdir. Bu gün vətənpərvər eloğlumuzun ruhu şaddır. Çünki onun torpaqlarımızın azad edilməsi, doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması kimi müqəddəs arzusunu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz gerçəkləşdirmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.