Rəfiqə Ağabəyli,Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru: "Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə"
44 günlük Vətən müharibəsində Zəfər günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı.
Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm–itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır". Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Baş verən son hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. Buna baxmayaraq məğlubiyyəti qəbul edə bilməyən Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə dəfələrlə cəhd göstərdi və bunun nəticəsində bir neçə hərbçimiz həlak oldu. Azərbaycan ordusu onlara layiqli cavab verdi. Lakin ordumuz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədi. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yoxdur. Biz yalnız haqqımız olanı almaq üçün mübarizə apardıq.
Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.
Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Ali Baş Komandanımıza və müzəffər ordumuza minnətdarıq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Aygül Hümmətova,Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi:"İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir"
XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara aid maddi-mədəniyyət nümunələrini məhv etmiş, onların izlərini silməyə çalışmışlar.
Keçən əsrin sonlarında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə zəmin yaratdı. Müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildi.
Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi memarlıq və təbiət abidələri ziyan gördü.
Erməni vandalları tərəfindən viran qoyulmuş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı dəyərli əşyalar, rəssamlıq əsərləri, xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar var idi. Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Zəbt etdikləri ərazilərdə tarixi önəmi olan abidələr yandırılmış, sıradan çıxarılmışdır.
Dağlıq Qarabağ və ətraf bölgələrdə Azərbaycanın milli mədəniyyət ocaqlarının talan edilməsi eyni zamanda dünya mədəniyyətinə qarşı törədilmiş vandallıqdır. Çünki bu nümunələr nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
Bu gün artıq mövcud vəziyyət dəyişmişdir. Ali Baş Komandanımızın uzaqgörən siyasəti və qətiyyəti nəticəsində “Dəmir Yumruq Əməliyyatı” ilə işğal altında olan torpaqlarımız işğaldan azad edilmişdir. Şücaətli ordumuz ermənilərdən illər boyu törətdikləri vəhşiliklərin qisasını almış, tarixi Azərbaycan torpaqlarını geri qaytarmış, erməni vandallığına son qoymuşdur.