“Ana Kür” İctimai Birliyinin üzvləri təşkilatın 10 illik yubileyini vətəndaş məsuliyyəti ilə qeyd etmişlər.
"Ana Kür" ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasının 10 ili tamam olur.
İctimai birlik fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə müsabiqələrində uğurla iştirak etmişdir. Təsadüfi deyildir ki, son on ildə ictimai birlik fasiləsiz olaraq 10 layihə icra etmişdir. Regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında stabil fəaliyyət göstərməklə, ardıcıl olaraq on layihə icra edən təşkilata bəlkə də nadir hallarda rast gəlmək olar. Səmərəli və ardıcıl fəaliyyətimiz Şura tərəfindən qiymətləndirilmiş və 2016-cı ildə «Yeniyetmə gənclərin radikal meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsində asudə vaxtın səmərəli təşkilinə dəstək» layihəsinin icrasına görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanına layiq görülmüşük.
İctimai birliyin sədri, ixtisasça jurnalist olan Rüstəm Məlikov qhtxeber.az saytına məlumat verərək bildirmişdir ki, «Ana Kür» İctimai Birliyi Salyan rayonunda fəaliyyət göstərməklə əsasən, regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, insan sağlamlığının mühafizə edilməsi istiqamətində yerli təşəbbüslərə dəstək verməklə məşğuldur. Ötən illərdə şuranın maliyyə yardımı ilə Kür çayının biomüxtəlifliyinin bərpa edilməsi, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması, ekoloji sahədə qəbul edilmiş Azərbaycan Respublikası qanunlarının əhali arasında təbliği istiqamətində layihələr icra edilmişdir. Bununla bərabər Dövlət Dəstəyi Şurasının elan etdiyi istiqamətlərə uyğun olaraq ictimai birlik region gənclərinin əxlaqi-mənəvi dəyərlərinə müxtəlif təriqətlərin və zərərli vərdişlərin təsirinin azaldılması, yeniyetmə və gənclərin radikal meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsi istiqamətində layihələr icra etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş region gənclərinin xatirəsinə həsr olunun layihələrə dəstək vermişdir.
«Ana Kür» İctimai Birliyi hazırda Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi qrant müsabiqəsinin qalibi kimi, «Fəal istirahət və ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili» layihəsini icra etməkdədir. İcra dövrü hamımız üçün gözlənilməz olan koronavirus pandemiyasının davam etdiyi dövrə təsadüf etmişdir. Bütün bunlara baxmayaraq, ictimai birliyin layihə komandası icra planını onlayn qaydada həyata keçirməklə layihənin nəzərdə tutulan hədəflərinə çatmaqdadır. Bu müddətdə birliyin fəaliyyəti üçün lazımı şərait yaratmış Salyan Rayon İcra hakimiyyəti aparatına, digər dövlət qurumlarına, bələdiyyə orqanlarına təşəkkürümüzü bildiririk.
«Ana Kür» İctimai Birliyi öz ətrafında 30-dan artıq ictimai fəalı, könüllüləri birləşdirir. Müxtəlif peşə sahibləri olan bu insanlar ictimai həyatda qazandıqları təcrübəni daha məqsədyönlü həyata keçirmək üçün bizimlə birlikdədirlər. Üzv və könüllülərimiz bölgədə, xüsusən Salyan rayonunda ictimai-siyasi həyatın önündə gedirlər. Dövləti və dövlətçiliyi dəstəkləyən «Ana Kür»çülər faydalı təşəbbüsləri ilə ictimai nəzarətin həyata keçirməsində yaxından iştirak edirlər. Bu işlərin həyata keçirilməsində birlik könüllülərinin təmənnasız köməyi ilə işıq üzü görən “Ana Kür” ictimai ekoloji maarifləndirici qəzetin və yeni efir həyatı yaşayan “Ana Kür TV”-nin imkanlarından istifadə edlməkdədir. Şuranın dəstəyi ilə bu il icra olunan layihə çərçivəsində yeni hazırlanmaqda olan ana.kur.az ictimai, ekoloji maarifləndirici saytımız informasiya məkanına tam daxil olduqdan sonra birliyin ictimai həyatdakı fəaliyyəti daha da genişlənəcəkdir. Bu dəstəyə görə Şuranın sədri, Milli Məclisin deputatı, hörmətli Azay Quliyevə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
On il arxada qalsa da, bu illərdə bizimlə birlikdə olmuş bütün vətəndaş cəmiyyəti təmsilçilərinə minnətdarıq. Xüsusən, idarə heyətinin üzvü kimi, layihə rəhbəri kimi birliyin uğurlarına töhfə verən insanlara -Fəxrəddin Fərzəliyevə, Elman Hacıyevə, Nəbi İbrahimova, Aləddin Ələsgərova, Əzizağa Məmmədliyə, Leyla Nəsirovaya, Sevinc Bünyatovaya, Ramil Mirzəyevə, Hüseyn Ağayevə və adını sadalaya bilmədiyim onlarla ictimai fəala dövlətimizin və cəmiyyətimizin tərəqqisi naminə ictimai işimizə verdikləri şəxsi töhfələrinə görə, “Sağ olun” deyirik.
Pandemiya dövrünün tələblərinə görə kiçik yubileyimizi dəyirmi masa ətrafında keçirə bilməsək də, gələcək planlarımızın həyata keçirilməsi üçün yenidən birlikdə olacağıq.
Hər kəsə uğur və bütün işlərində vətəndaş məsuliyyəti diləyirəm.