Hava şəraiti əlverişsiz olsa da…
Rayonumuzun kənd təsərrüfatı əməkçiləri payız qayğıları ilə yaşayırlar. Sahələrdə yetişdirilmiş pambıq məhsulunun tam və itkisiz yığılması bu gün əsas vəzifədir. Salyan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə bu il pambıqçılıq şirkətləri 10063,6 hektar sahədə məhsul yetişdirmişdir. Təbiət isə bu il də fermerlərimizi imtahana çəkib. Tez-tez yağan yağışlar becərmənin müddətinə və pambığın yaraqlarının qurudulmasına mənfi təsir etmişdir. Bütün bunlara baxmayaraq sahələrdən bol məhsul götürən kollektivlər də vardır.
Rayonun qabaqcıl təsərrüfatlarından olan "P-Aqro"MMC-nin "Əmək" ordenli direktoru Mərdan Cəlilovdan aldığımız məlumata görə bu il 401 nəfərlə müqavilə bağlanılmışdır. Onların arasında hər hektardan 45-50 sentner məhsul götürənlər də vardır. Şorsuludan olan fermer Elvin Hümmətov 50, Sarvandan Qafar Səfərov 48, Xurşuddan Əflatun Əliyev isə 45 sentner pambıq tədarük edə bilmişlər.
Öyrənirik ki, ümumilikdə şirkət indiyə kimi hər hektardan 31 sentner məhsul əldə etmişlər. Bu, rayon üzrə hələlik ən yüksək göstəricidir. Maraqlıdır ki, toplanan məhsulun 99 faizi texnikanın köməyi ilə yığılmışdır. Mövsüm ərzində sahələrdə 12 pambıqyığan, 68 qoşqu, 53 ədəd müxtəlif traktor çalışmışdır.
Şirkətin direktoru qabaqcıl maşinistlərin də adını çəkdi. Dedi ki, Vüsal Bağırov, Fazil Əliyev, Xəyyam Əliyev və başqaları xüsusi ilə fərqlənmişlər. Fikrimiz sahələrdə olan məhsulun hamsını son qozasına qədər itkisiz toplamaqdır.
İnanırıq ki, kollektiv öz ənənələrinə bu il də sadiq qlacaqdır.