“Azərbaycan Respublikasında meşələrin mühafizəsinə və davamlı inkişafa dair Milli Meşə Proqramı” hazırlanıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə beynəlxalq ekspertlər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında meşələrin mühafizəsinə və davamlı inkişafa dair Milli Meşə Proqramı” hazırlanıb. Milli Meşə Proqramı təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərilib. Proqramın yaxın vaxtlarda təsdiq olunması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.
O, meşələrlə bağlı görülən işlər barəsində danışaraq deyib: “2018-2019-cu illərdə Bərdə və Şəki regional mərkəzlərinin 103 min hektar ərazisində meşə quruluşu işləri aparılıb. Hazırda Zaqatala regional mərkəzində həmin işlər davam etdirilir. Görülən işlərin növbəti üç ildə tam yekunlaşdırılması nəzərdə tutulur”.