Muğanın ən qocaman şairinin 90 illik yubileyinə həsr olunmuş musiqili ədəbi bədii tədbir Neftçala Rayon İcra Hakimiyyəti və AYB-nin Muğan bölməsinin təşəbbüsü ilə keçirilmişdir. Şairin poeziya işığına Neftçala və Salyan rayonundan, həmçinin digər bölgələrdən tanınmış ziyalılar, şəhid ailələrinin, ictimaiyyət nümayəndələri, şairin qələm dostları və yaxınları toplaşmışdılar.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şair Soltan Abbası yubileyi münasibəti ilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları və gümrah həyat arzulamişdir. Yubilyara Neftçala RİH-n və AYB-nin Muğan Bölməsinin Fəxri Fərmanları təqdim edilmişdir.
Çıxış edən digər qonaqlar bildirmişləri ki, 70 il əvvəl kənd kitabxanasının müdiri kimi əmək fəaliyyətinə başlayan Soltan Abbas sonralar ali təhsil alaraq kənd məktəbində dil-ədəbiyyat müəllimi, Salyan rayonunda çap edilən “Qələbə” qəzetində şöbə müdiri, Neftçala rayonunun Boyat kəndində inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləmişdir. Bu müddətdə İnsanlar arasında dərin hörmət və nüfuz qazanmış Soltan müəllim eyni zamanda yaradıcılıqla da məşğul olmuş, 15-ə qədər poeziya və bədii -publisistik kitablar yazaraq çap etdirmişdir.
Şairin 1960-cı ildən başlayaraq nəşr olunan “Damçı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, Yollar ömür yolum” və digər kitabları zamanında kifayət qədər oxucu toplaya bilmişdir. Yubiley tədbirində xüsusi ilə vurğulanmışdır ki, S. Abbasın yaradıcılığında torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımıza həsr olunmuş bədii nümunələr xüsusi yer tutur.
Şair Muğan bölgəsində gənc yazarların inkişafında, onların püxtələşməsində də böyük əmək sərf etmişdir. O, 1971-1975-ci illərdə Salyanda “Kürün töhfəsi, sonralar isə Neftçala rayonunda “Xəzər nəğmələri” ədəbi birliklərinin ilk rəhbəri olmuşdur.
Tədbirdə yubiliyarın 90 illik həyat və fəaliyyətinə aid video çarx nümayiş etdirilmiş və bədii qiraət ustaları tərəfindən şerləri səsləndirilmiş, yadda qalan musiqi nümunələri ifa edilmişdir.
Sonda şairlə xatirə şəkili çəkilmişdir